Qubadlıda Razim Əliyevin qibtə ediləsi hörməti, nüfuzu var. Tale həm də ona bu imkanı qazanmağı, özünü təqdim etməyi nəsib edib. Sovetin diri vaxtında 30 yaşı olmamış rayon partiya komitəsinin 2-ci katibi, ardınca da rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. 33 illik dövlət qulluğundan sonra təqaüd yaşına çatan günü, əvvəlcədən də elan etdiyi kimi, ərizəsini qoyub pensiyaçı ömrünü yaşamağa başlayıb. Prezident Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib, başqa təltifləri də var. Ancaq rayon rəhbərliyi, ağsaqqallar təqaüdə çıxandan sonra da onu rahat buraxmayıblar, gərəkli adam olduğunu bilib Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Qubadlı Rayon təşkilatına sədr seçiblər. Yəni təqaüddə olsa da, Razim müəllim bu gün də yenə layiq olduğu görünən yerdədir.