
Qubadlı rayon mərkəzindəki bu binanın bəri başdan 1-ci giriş, 3-cü mərtəbədəki mənzil mənim, o birilər Mehman, Allahverdi, Fehruz, Qabilindir, inşəallah, tezliklə hamımız qayıdacağıq. Balkonlardan asılan yorğan-döşəklərdən göründüyü kimi, xeyli erməni ailəsi də yaşayıb, təbii ki, artıq indi qaçıb gedirlər. Xarabalığa çevrilən yerdə Ticarət mərkəzi, arxasında uşaq bağçası var idi və orada 2-ci tabor yerləşirdi. Dağılanları yenidən tikərik.Erməni, gedəndə bu binanı dağıtmadınsa, içi təpili qoyub gəldiyim mənzilimdə nə varsa, haramxoşun olsun, onsuz da murdarlanıb, heç nəyə əlimi vuran deyiləm, götür apar, 28 ildi qarovulun çəkmisən yolumuzu gözləyərək, səksənə-səksənə. Ancaq...əgər qalıbsa, istəyərdim kitablarım qalsın. Mənzildə sovetin vaxtında aldığım o finski stenka mebelin bütün gözlərinə kitablarımı yığmışdım, xanımın cer-cehizi açılmamış bağlamalarda alt gözdə qaldı. İstitutu yalnız “əla” qiymətlə oxuyurdum, həm də təqaüdə görə, hər ay təzələrinə çox gücüm çatmasa da, “Bukinist”dən azı 5-10 kitab almağın xatirinə. Rayonda ən böyük şəxsi kitabxanalardan biri Saray kəndindəki evimizdə idi, bir otağımız ancaq kitabxana idi. Qardaşım Dostəli də, mən də bütün çoxcildliklərə abunəydik, dil-ədəbiyyat müəllimi idik, çörəyimiz qələmdən çıxırdı.
Ardını oxu...