Müraciətdə deyilir: “Əziz xalqımız, müzəffər Ordumuz, möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız! 27 sentyabrdan başlanan Vətən müharibəsi böyük Zəfərlə - Ermənistanın hərbi məğlubiyyəti ilə başa çatdı. Bütün müharibələrin sonu sülhlə, danışıqlar və masa arxasında imzalanan sənədlərlə sona yetir. Azərbaycan 44 günlük bu savaşdan şərəflə, alnıaçıq, üzüağ çıxdı. Ermənistan miskin, ağır məğlubiyyətini rəsmən etiraf etdi, işğal olunmuş digər bütün rayonlardan çəkiləcəyini bəyan etdi. Hələ də işğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər qısa bir müddətdə qan tökülmədən qaytarılacaq. Bu da döyüşlərlə qazanılmış qələbə qədər əhəmiyyətlidir. 28 ildir ki, dogma yurd-yuvalarına həsrət qalan on minlərlə məcburi köçkünün öz dədə-baba torpaqlarına qayıtması üçün yollar açılır, nəhəng quruculuq, abadlıq işlərinin aparılması üçün imkanlar yaradılır.