Hekayəçilik ədəbiyyatın ən doğma işidir. Ədəbi janrların müxtəlifliyinə rəğmən ən çox müracət olunan bədii yazı növü kimi hekayənin nüfuz dairəsi genişdir. Bədii mətnlə həyatın sosial problemlərini, fərdi ruhsal qayğılarını gündəmə gətirmək üçün ən yaxşı üsul hekayə yazmaqdır. Bir hekayə ilə də böyük ədəbiyyat cəbhəsində yer tutmağın tarixi-fəlsəfi örnəkləri vardır. Bu baxımdan, hekayə ilə yaradıcılığa başlamaq, ya hekayə ilə davam etmək bədii sənət tarixində çox qələm adamının taleyini müəyyən edibdir. Bir qədər obrazlı ifadə etsək, hekayəni yazıçının taleyində alınmaz qalaya bənzətmək olar. Elə bir məqam ki, orada zaman adlı “zalımın” hücumlarından özünü qoruya bilsin.