Şahsuvar bəyin portreti qalmayıb. Yeganə bir fotosu varmış ki, oğlu Mustafada imiş. Mustafa sevimli atasının şəklini ürəyinin üstündə, döş cibində gəzdirirmiş. Bir gün Kəlbəcərdə necə olursa özü də hiss etmədən şəkil cibindən yerə düşür. Əhvalat camaatın gur yerində olur. Bir də baxır adamlar yığışıb yerdə bir şəkli diqqətlə nəzərdən keçirir, şəkildəki paqonlu adamın kimliyini xoflu-xoflu müzakirə edirlər. Cümhuriyyət dövrü paqonlusunun övladı olmaq o qorxulu illərdə hakimiyyət dairələri üçün yetərli idi ki, beləsini ciddi təqibə, həbsə, hətta Sibirə sürgünə məruz qoysunlar. Bütün bunları göz önünə gətirən Mustafa qorxudan deyə də bilmir ki, şəkil onun cibindən düşüb, bir-iki dəqiqə atasının fotosuna baxa-baxa qalır, sonra da ürəyi qan ağlaya-ağalaya oradan uzaqlaşır.
Qafqazda Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, bu məqsədlə ermənilərin indiki İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi I Pyotrun 1724-cü il 10 noyabr tarixli fərmanı ilə rəsmiləşdirilmişdi. Bu fərmana görə, ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynamalı idi. Bu əmr Rusiyanın Qafqazdakı hərbi uğursuzluqları səbəbindən bir əsr müddətə donduruldu.