Azərbaycanın milli at cinsi olan Qarabağ atları qızılı-kürən rəngini günəşdən, güc və qüdrətini dağlardan alan dağ-minik at cinsidir. Onlar yüksək sürəti ilə seçilir, hündür və çevikdir, möhkəm bədən quruluşuna malikdir. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödəkdir. Əsas əlaməti parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruğunun ucu qızarmış, tünd-şabalıdı rəngdə olur. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır.