Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “qafqazinfo.az” saytına müsahibəsində Səməd Vurğunu “dılğırın biri” adlandırmış, dünya qaçaqçılıq tarixində ikinci bir nümunəsi olmayan, 20 ildən çox ər-arvad at belində, əldə tüfəng o taylı-bu taylı Azərbaycanda rus imperiyasının yerli hakimiyyətinə, erməni satqınlara, xalqın qanını soranlara qarşı mübarizə aparmış Qaçaq Nəbinin Qoçaq Həcəri haqqında əsassız şər-böhtan, iftiralar yağdırıb http://qafqazinfo.az/site/AUDIO-40260-xeber.html, 12.04.2013). Bu "hərşeyşünas"ın cəfəng uydurmanlarına cavab verməyi özümə borc bilirəm, çünki məsələ təkcə Qaçaq Nəbi, Qaçaq Həcər, S.Vurğun, Babək, Koroğlu, Xətai və b.da deyil, hədəf bütünlüklə Azərbaycan xalqının əsrlərdir inandığı, sevdiyi, şəxsiyyət nümunəsi, ədəbi, tarixi şəxsiyyətlərdir, milli-mənəvi dəyərləridir.